Milli və "mil"siz pedaqogika
Komenkinin ideyası nə idi?
31.07.2019 980Ölkəmizdə müstəqillikdən sonrakı illərdə bəziləri tərəfindən "milli pedaqogika" anlayışını elmə gətirməyə cəhd edirlər. Təhsilin güya milliləşdirilməsi təşəbbüsü irəli sürülür. "Milli kurikulum" terminində "milli"sözünü "millət" kimi qavrayırlar. Güya ki 100 ilə yaxın təhsil tarixi dövründəkilər yanlış olub və bu xalqa heç nə verməyib. "Məktəblər vətəndaş hazırlayır" fəlsəfəsini səhv olaraq şagirdlərə millətçilik və hərbi psixologiyanın aşılanması kimi başa düşürlər. Bunu ölkəmizin müharibə vəziyyətində olması ilə əlaqələndirib haqq qazandıranlar da olur. Qanunvericiliyin təhsilin dünyəvi olması anlayışını da səhvən onun dinə qarşı olması kimi anlayanlar da az deyil. Gəlin baxaq pedaqogika elmi bu məsələyə necə baxır. Pedaqogika adlı elm onun dövründə olmazsa da bu elmin əsasını "Didaktika"əsəri ilə qoyan Yan Amos Komenski "çex qardaşları" protestant icması üzvünün ailəsində anadan olub. Yan Amos Komenskinin ibtidai təhsilini həmin icma məktəbində alıb. Sonra latın məktəbində, daha sonra Herborn Akademiyasında, Heydelberq Universitetində oxuyub. Yəni bu o deməkdir ki çex olsa da almanca təhsil alıb və dindar birisi olub. Yan Amos Komenski çex dilində didaktikaya həsr olunmuş elmi əsər yazmağa başlayır. Lakin vətənindən protestant olduğu üçün və güya dini ideyaları təhsilə gətirmək ittihamı ilə o sürgün olunur. Böyük alim olmasına görə onu həbs və edam etmirlər. Katolik kilsənin təqiblərindən qaçaraq Yan Amos Komenski Polşaya emiqrasiya edir. Burada o, gimnaziyada dərs deyir, öz "Didaktika"sını çex dilində bitirir. Sonra onu yenidən işləyib latın dilinə tərcümə edir və onu "Böyük didaktika" adı ilə nəşr etdirir. Beləliklə dünyanın məşhur və böyük dilində bu əsər yaranandan sonra dünya Yan Amos Komenskinin pansofiya ideyası, yəni "hər kəsi hər şeyə təlim etmə" fəlsəfəsi ilə tanış olur. Yan Amos Komenski Macarıstana məktəb işini qurmaq üçün dəvət alır. Burada Yan Amos Komenski pansofik məktəb üzərində işlər aparır. Bu məktəbin elmi müddəalarını özünün "Pansofik məktəb" əsərində işləyib hazırlayır. Təhsil prosesini canlandırmaq, uşaqlarda biliyə, elmə olan həvəsi oyatmaq üçün Yan Amos Komenski tədris materialını dramatikləşdirmək metodundan istifadə edir. Macarıstanda Yan Amos Komenski ilk şəkilli tədris kitabını - dərsliyi tərtib edir. Yan Amos Komenski Fransa və Holandiyada da şəxsən öz ideyalarını yayamağa gedir və buna müvəffəq olur və nəhayət Amsterdama vəfat edir.
Komenskinin "Böyük didaktika" əsəri ilə didaktika elminin, bu elm ilə isə pedaqogika elminin əsası qoyur. Məhz bu alimin ideyaları sayəsində təhsili düyada ilk icbariləşdirən mükəmməl alman təhsil sistemi yaranır. Əgər o bu əsərini ana dili olan çexcədə saxlasaydı biz və dünya onu tanımazdıq. Ona da vətənində bizim leksikonla "molla" deyib məsxərə edərdilər. Necə ki bizdə islam əxalqının elementar bir aforizmi dərsliyə salınan kimi ya da məktəbdə bir hicablı müəllim və şagird görünən kimi "ay aman, məktəb mollaxanaya döndü" deyib hay-həşir salırlar. Halbuki pedaqogika elminin əsasını bir dindar xristian keşişi qoyub. Hansıki bu elm dünyəvi bir elmdir və ümumbəşəri ideyalara xidmət edir. Yan Amos Komenskinin pedaqoji fikirləri əsasında Rusiyada Konstantin Uşinskinin ideyaları inkişaf edir. Sovet hakimiyyəti quralan kimi sovet təhsil sistemi də məhz alman təhsil sistemi yəni Komenskinin və Uşinskinin pedoqoji ideyaları əsasında formalaşır. Halbuki sovetlər rəsmən kapitalizmin bütün prinsiplərinə qarşı çıxırdılar. Çünki Lenin bir filosof və mütəfəkkir kimi dünyada gedən elm və təhsil prosesisndən ciddi xəbərdar olan bir insan idi və bilirdi ki alman təhsil sistemindən yaxşısını yaratmaq mümkün deyil. Beləliklə xalqımız da sovetlərin tərkibində mütərəqqi elmi ideyalara və maarifə yiyələnir. Dünya səviyyəli alimləri o zamandan yetişməyə başlayır. Sovet Təhsil Sisteminin də gücü məhzdünyəvi təhsil sistemində idi. Hərçənd o zaman bunu sovet ittifaqında etiraf etməzdilər və güya sovet təhsil sisteminin yeni və dünyada analoqu olmadığını iddia edərdilər. Ona görə hər kəs "papağını" qarşısına qoyub fikirləşməlidir. Haradan haraya gəlmişik və haradan da haraya getməliyik. Biz akademik pedaqoqika elminiə və alimlərinə istinad edib bir təhsil sistemin qurmalıyıq. Özümüzdən velosiped ixtira etməyə və ekspertlik etməyə ehtiyac yoxdur. Təhsilin dünyəvi, güzəran psixologiyasından uzaq, mental və məhəlli prinsiplərdən kənar, lakin millli dəyərlərə əsaslanıb inkişaf etdirilməsi istiqamətində irəli getməliyik. Mövcud kurikulum sistemindəki qüsurları, çatışmazlıqları düzəltmək uğrunda çalışmalıyıq, nəinki inkarçılıq, dağıdıcılıq, özümüzdən elmdən kənar ideya və təkliflər verməklə bu prosesi dalana sürükləməliyik.
Rabil Abdinov