KOMPÜTER KABİNETİNDƏ LABORANT
Kompüter sinfində laborant ştatının ixtisas tələbləri, vəzifə funksiyaları və ödəniş dərəcələri
10.08.2019 4730Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” qərarının 1 saylı əlavəsində ümumtəhsil məktəblərində laborant ştatı nəzərdə tutulsa da bu kompüter sinfinə aid edilməmişdir. Kompüterlə təmin olunmuş məktəblərdə kompüter sinifində lazımi proqram təminatının yüklənməsi, dərs deyən müəllimlərə kömək etmək üçün kompüter siniflərində tədris köməkçi heyətin (laborant) olması dövlət proqramında vacib şərt kimi irəli sürülmüşdür. Bununla əlaqədar kompüterlə təmin edilmiş ümumtəhsil məktəblərinə laborant ştatlarının verilməsi ilə bağlı Təhsil Nazirliyi və Maliyyə Nazirliyi arasında razılaşma olmuşdur (Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü il tarixli 355 nömrəli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”).
Laborant vəzifəsinə peşə təhsili müəssisələrinin “kompüter üzrə operator”, “kompüter texnikasının sazlayıcısı” və “fərdi kompüter operatoru” peşələri üzrə, ali və orta ixtisas məktəblərinin “tətbiqi riyaziyyat”, “informasiya sistemləri”, “kompüter riyaziyyatı”, “informatika və hesablama texnikası” istiqamətləri, “maarif” istiqamətinin “riyaziyyat və informatika” ixtisası üzrə məzunlara və bu istiqamətlərə uyğun yenidənhazırlanma təhsili almış şəxslərlə yanaşı, məktəblərdə İnformasiya Komunikasiya Texnologiyalarından səmərəli istifadə sahəsindəki problemlərin aradan qaldırılması məqsədilə kadra ciddi ehtiyac olduğu halda həmin vəzifəyə kompüter sahəsində bilik və bacarığın səviyyəsini təsdiq edən sənədə malik və “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda laborant vəzifəsinə qoyulmuş tələblərə cavab verən orta ixtisas təhsilli və ya ümumi orta təhsilli şəxslərin işə qəbuluna icazə verilmişdir (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 yanvar 2008-ci il tarixli 46-25-381/16 nömrəli Təlimati Məktubu).
Laborantın əmək funksiyasına laboratoriya avadanlığının, cihazlarının, informasiya-kommunikasiya texnologiyalarının, təlimin texniki vasitələrinin işlək halda olmasına çalışması, onların əldə edilməsi, zavod və emalatxanalarda təmiri üçün xüsusi sifariş hazırlaması, kimyəvi reaktivlərin düzgün saxlanması və istifadə olunmasını təmin edilməsi, avadanlıqları, cihazları, reaktivləri laboratoriya işlərində, dərslərdə və məşğələlərdə istifadə olunması üçün hazırlaması, həmin avadanlıqların müvafiq təlimatlara və digər texniki sənədlərə uyğunluğunu yoxlaması, müəllimləri dərs məşğələsi üçün lazım olan materiallarla təmin etməsi aiddir (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarına əsasən təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”).
Laborant laboratoriya işləri və dərs məşğələlərinin keçilməsi üzrə hüquqi aktları; tədris avadanlıqlarından, müasir informasiya-kommunikasiya texnologiyalarından, təlimin texniki vasitələrindən, cihazlardan istifadə olunmasının mövcud standartlarını və texniki şərtlərini, avadanlıqlardan istifadə qaydalarını, əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını bilməlidir (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarına əsasən təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”).
Laboranta əmək stajına tələb qoyulmadan, ümumi orta təhsilli olarsa 4-cü, orta ixtisas təhsili olarsa 5-ci ödəniş dərəcəsinə görə əmək haqqı ödənilir (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarına əsasən təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”).
Ümumtəhsil məktəblərinin X-XI (onuncu-onbirinci) siniflərində müvafiq maddi-tədris baza (kompüter kabineti) və ixtisas müəllimləri (informatika müəllimi) olduqda “İnformatika” fənni üzrə praktik məşğələlər keçirilir, bu halda şagirdlərin sayı 20 (iyirmi) və daha çox olarsa X-XI (onuncu-onbirinci) siniflər informatika fənninin tədrisində iki qrupa bölünür, kompüter kabineti olmayan ümumtəhsil məktəblərində isə “İnformatika” fənni üzrə praktik məşğələ keçilmir (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 iyul 2019-cu il tarixli F-445 nömrəli əmrinə 8 saylı əlavə ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”in 21 və 22-ci bəndləri).
İstinadlar:
- Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü il tarixli 355 nömrəli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”.
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 yanvar 2008-ci il tarixli 46-25-381/16 nömrəli Təlimati Məktubu.
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarına əsasən təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”.
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 iyul 2019-cu il tarixli F-445 nömrəli əmrinə 8 saylı əlavə ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”in 21 və 22-ci bəndləri.
© Nicolas Bourbaki
® http://www.virtual-maktab.az